CƏMİYYƏT


Qardabani Gənclər Mərkəzi azərbaycanlı gənclərin təhsil karyerasına mühüm dəstək göstərir

Qardabani, 27 iyul, AZƏRTAC

Gürcüstandakı Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən kurslar Qardabani rayonunda yaşayan azərbaycanlı gənclərin təhsil həyatında önəmli rol oynayır.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bunu mərkəzin İcraçı direktoru Hacı Hacıyev deyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə layihənin 3 ildir həyata keçirildiyini qeyd edən H.Hacıyev bildirib: “Bu yaxınlarda növbəti kursların buraxılış mərasimi keçirildi. Hər il 100 nəfər gəncə sertifikat təqdim edilir. Digər fənlərlə yanaşı, gürcü və ingilis dilləri də tədris olunur. Müsbət nəticələr göz önündədir. Azərbaycanlı uşaqların gürcü və ingilis dili bilikləri xeyli artıb”.

Kursların müdavimləri Çiyalə Osmanova, Ramiz Osmanov və Esmira Əliyeva kursların fəaliyyətini və mərkəzdəki şəraiti yüksək qiymətləndiriblər.

“Kursu müvəffəqiyyətlə bitirib, sertifikat almağın sevincini yaşayırıq. Əsas riyaziyyata maraq göstərirdim. Bu fənn üzrə biliklərimin artırılmasında kursun çox böyük əhəmiyyəti oldu. Orta məktəbdə gürcü dili fənnini keçsəm də, ünsiyyət imkanım yox idi. Kurslar mənə gürcü dilində ünsiyyət imkanı yaratdı və bu dildə sərbəst danışmağıma təsir etdi. Mərkəzdə çox gözəl mühit hökm sürür. Burada dostlar qazanmışam”, - deyə Çiyalə Osmanova bildirib.

Müdavim Ramiz Osmanov qeyd edib ki, kursa gələndə gürcü dilini yaxşı bilmirdi. O deyib ki, indi dil bilgiləri orta səviyyəyə çatıb. Dili mükəmməl mənimsəyənə qədər kursa davam edəcək.

Artıq gürcü dilində müsahibələr verən müdavim Esmira Əliyeva isə kurs müəllimlərinin tədris metodikasından çox razıdır. “Kurslar gürcü dilində sərbəst danışmağıma kömək etdi, ingilis dilində biliklərimi inkişaf etdirdi, mənə yaxşı dostlar qazandırdı. Qardabani Gənclər Mərkəzində gənclərə yaradılmış şəraitdən çox razıyam”, - deyə o diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.