ELM VƏ TƏHSİL
Qardaş ölkə məktəbliləri iki böyük türk mütəfəkkirin işığında
Bakı, 7 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri ilə Türkiyə məktəbləri arasında onlayn konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı bu ilin Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyə Respublikasında isə 2021-ci ilin “Yunus Əmrə və Türkcə İli” elan edilməsi çərçivəsində birgə tədbirlərin təşkili və əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Konfransda çıxış edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov qardaş Türkiyə ilə təhsil sahəsində əlaqələri genişləndirməyin və əməkdaşlıq çərçivəsində ümumi təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməyin vacibliyini qeyd edib. Müdir müavini Azərbaycan xalqının milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, mütəfəkkirlər yetişdirdiyini qeyd edərək, onların hər zaman öyrənilməsinin əhəmiyyətini vurğulayıb. H.Əsgərov dahi şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığının və türk dünyası üçün örnək olan Yunus Əmrənin həyatı və irsinin şagirdlərə bu kimi tədbirlər vasitəsilə çatdırılmasının önəmli olduğunu da deyib.
BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən Eskişehir Təhsil İdarəsinin rəisi Hakan Cirit təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Hakan Cirit bu baxımdan ortaq dəyərlərin ciddi birləşdirici qüvvə olacağına inandığını söyləyib.
Konfransda çıxış edən azərbaycanlı şagirdlər Yunus Əmrənin, türkiyəli məktəblilər isə Nizami Gəncəvinın həyat və yaradıcılığı, əsərləri barədə araşdırmalarını təqdim ediblər.
Tədbir məktəblilərin ifasında Nizami Gəncəvi və Yunus Əmrənin əsərlərindən nümunələrin səsləndirilməsi ilə başa çatıb.
Konfransda Çamlıca Kız Anadolu İmam Hatip Liseyinin müdiri Muammer Demirkan, Uluslararası Cevat Ülger İmam Hatip Liseyinin müdiri Ahmet Acı və Eskişehir Azərbaycanlılar dərnəyinin müdiri Cavid Aydın, 170 nömrəli məktəbin direktor əvəzi Ülviyyə Aslanova, 271 nömrəli məktəbin direktoru Fuad Mirzəyev, müəllim və şagirdlər iştirak ediblər.