CƏMİYYƏT
Qardaşı arvadını öldürən şəxslə bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Qaradağ rayonu ərazisində Laləzar Kərimliyə martın 26-da çoxsaylı bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Qaradağ Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin qaynı Səbuhi Kərimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Laləzar Kərimlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. S.Kərimov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.