REGİONLAR


Qax Damazlıq İpəkçilik Stansiyasında 17 min 250 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulub  FOTO

Qax, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Yaş barama istehsalı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınan 15 min qutu hibrid ipəkqurdu sənaye toxumu (qrena) inkubasiyaya qoyulmaq üçün aprelin 19-da Qax Damazlıq İpəkçilik Stansiyasına gətirilib. Eyni zamanda, ötən il müəssisənin özündə yerli istehsal hesabına hazırlanmış 5 min qutu ipəkqurdu toxumu da builki mövsümdə kümçülərə paylanılmaq üçün stansiyada inkubasiyaya qoyulub.

AZƏRTAC-ın bölgə müxbiri Damazlıq İpəkçilik Stansiyasında olub, ipəkqurdu toxumlarının inkubasiyası prosesi ilə maraqlanıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə kümçülərə paylanılması nəzərdə tutulan 20 min qutu ipəkqurdu toxumunun 17 min 250 qutusu aprelin 19-dan etibarən Qax Damazlıq İpəkçilik Stansiyasında, qalanı isə Zaqatala və Balakən rayonlarında inkubasiyaya qoyulur.

Müəssisə rəhbərinin sözlərinə görə, builki mövsümdə respublikanın 40 rayonunda barama yetişdiriləcək. Stansiyada inkubasiyaya qoyulmuş ipəkqurdu toxumlarından əldə olunacaq ipəkqurdlarının aprelin sonu - mayın əvvəllərində bölgü əsasında respublikanın 38 rayonunun kümçülərinə paylanılması nəzərdə tutulub. Balakən və Zaqatala rayonlarının kümçüləri isə öz rayonlarında inkubasiyaya qoyulmuş toxumlardan əldə olunacaq ipəkqurdlarından barama yetişdirəcəklər.

Stansiyada birinci mərhələdə - aprelin 29-dan mayın 1-dək Aran bölgəsinin 25 rayonunun kümçülərinə ipəkqurdları paylanılacaq. Bölgüyə əsasən, Aran bölgəsi üzrə ən çox ipəkqurdu toxumu Zərdab rayonunun kümçülərinə veriləcək. Bu rayonun barama istehsalçıları cari mövsümdə 1700 qutu ipəkqurdu toxumu alacaqlar. Aran bölgəsi üzrə Ağcabədi rayonunun kümçülərinə 1500 qutu, Füzuli kümçülərinə 1250 qutu, Bərdə rayonunun barama istehsalçılarına isə 1000 qutu ipəkqurdu toxumu paylanılacaq. Bu ildən Beyləqan və Samux rayonlarında da ilk dəfə barama yetişdirilməsinə başlanılacaq.

Qurum rəsmisinin məlumatına görə, dağlıq ərazidə yerləşən 15 rayonun kümçülərinə isə ipəkqurdlarının mayın 1-dən 3-dək paylanılması nəzərdə tutulub.

Stansiya direktoru bildirib ki, 2020-ci ildə ölkəmizdə yaş barama istehsalının 800 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub.

Qeyd edək ki, əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyasında ötən ildən etibarən tut ipəkqurdu cins və hibridlərinin yüksəkkeyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etməkdir. 2019-cu ildə müəssisədə 146 kiloqram (5 min qutu) sağlam ipəkqurdu toxumu istehsal olunub. Hazırlanan toxum builki mövsümdə kümçülərə paylanılmaq üçün artıq stansiyada inkubasiyaya qoyulub.

Əkrəm Fətəliyevin sözlərinə görə, Qax Damazlıq İpəkçilik Stansiyası cari təsərrüfat ilində 14-15 min qutu ipəkqurdu toxumu hazırlamağı öhdəsinə götürüb. Toxum istehsalının ilbəil artması növbəti illərdə respublikamızın ipəkqurdu toxumuna olan tələbatının tam şəkildə ödənilməsinə imkan yaradacaq, daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq.

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər stansiyanın ərazisində 5 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağı salınıb. Ötənilki mövsümdə ipəkqurdunun yemlənməsi prosesi zamanı ilk dəfə bağdakı ağacların yarpağından da istifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.