REGİONLAR


Qax Damazlıq İpəkçilik Stansiyasında növbəti mövsüm üçün 2 min qutudan çox ipəkqurdu toxumu istehsal olunacaq - REPORTAJ

Qax, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Ölkəmizdə kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində işlər davam etdirilir.

Əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyasında bir neçə ildir ki, tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etməkdir.

AZƏRTAC-ın bölgə müxbiri Qax Damazlıq İpəkçilik Stansiyasında olub, növbəti mövsümdə kümçülərə paylanılacaq ipəkqurdu toxumunun hazırlanması prosesi ilə maraqlanıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə respublikanın 40 rayonunda barama yetişdirilib. Bu məqsədlə kümçülərə 11 min 130 qutu ipəkqurdu toxumu paylanılıb. Toxumun 10 min qutusu Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq apreldə ölkəmizə gətirilib. Kümçülərə paylanılan 1130 qutu toxum isə müəssisənin özündə yerli istehsal hesabına hazırlanıb.

Müəssisə rəhbərinin sözlərinə görə, stansiyada istehsal olunmuş elit ipəkqurdu toxumunun 380 qutusu bu il Qax rayonunun kümçülərinə paylanılıb. Rayonun kümçüləri indiyədək müəssisədəki qəbul məntəqəsinə 11 ton 500 kiloqram yaş barama təhvil veriblər və hazırda tədarük davam edir. Məhsulun 1310 kiloqramı gələn il damazlıq barama üçün yüksək keyfiyyətli toxum hazırlamaq məqsədilə seçilib, qalanı isə sənaye baraması kimi “Azərİpək” MMC-yə təhvil verilib. Seçilən baramadan 2100 qutu sağlam ipəkqurdu toxumu istehsal etmək mümkün olacaq. Beləliklə, müəssisədə toxum istehsalı ildən-ilə artacaq və gələcəkdə xaricdən toxum alınmasına ehtiyac qalmayacaq, tələbat yerli istehsal hesabına ödəniləcək.

Stansiyanın direktoru onu da vurğulayıb ki, havanın uzun müddət qeyri-sabit keçməsi, dağlıq bölgələrdə intensiv yağışların yağması, temperaturun kəskin dəyişərək isti və ya soyuq olması ipəkqurdunun barama sarıma dövrünün uzanmasına səbəb olub. Hava soyuyanda ipəkqurdu yarpaq yemir, barama sarımır. Bu da məhsuldarlığa qismən də olsa, təsir göstərir.

Hazırda baramanın kəpənək dövrüdür. Əkrəm Fətəliyev qeyd edib ki, barama sarınandan 14 gün sonra içərisindən kəpənək çıxır: “Bu kəpənəklər stansiyada mayalandırılır və torbalara salınır. Kəpənəklər həmin torbalara toxum tökür, bundan sonra öz vəzifəsini tamamlayıb ölür. Daha sonra mütəxəssislər torbaları açır, mikroskopla ölmüş kəpənəyə baxır, tut ipəkqurduna aid hər hansı bir xəstəlik müşahidə edilərsə, həmin toxumu yandırırlar. Xəstəlik yoxdursa, sağlamdırsa, gələcək üçün yemləməyə götürülür. Hazırlanmış toxum qışlama dövrü keçirdikdən sonra apreldə inkubasiya olunacaq, dirildiləcək və kümçülərə paylanacaq”.

Hazırda Qax Damazlıq İpəkçilik Stansiyasında 36 nəfər daimi, 16 nəfər isə mövsümü işçi çalışır.

Qeyd edək ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.