REGİONLAR
Qax Dövlət Kukla Teatrı yeni mövsümü “Göyçək Fatma” tamaşası ilə açıb
Qax, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı sentyabrın 20-də - 47-ci teatr mövsümünün açılış günündə uşaqları Kəmalə Ağazadənin “Göyçək Fatma” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə sevindirib. Tamaşanı izləyənlər arasında uşaqlarla yanaşı, onların valideynləri və teatrsevərlər də olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Aynur Abbasova və başqaları ifa ediblər. Tamaşanın rəssamı Mayis Abdullayevdir.
Yeni teatr mövsümündə uşaqları daha bir neçə tamaşa ilə sevindirəcəklərini bildirən teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-a müsahibəsində deyib ki, hazırda teatrda, eyni zamanda, Osman Abdullayevin “Diş əhvalatı” əsəri əsasında hazırlanan tamaşa üzərində məşqlər davam edir. Tamaşa sentyabrın sonunda uşaqlara təqdim olunacaq. Oktyabrın əvvəllərində isə teatrın yaradıcı kollektivi Əzizə Əhmədovanın “Tikanlı yalanlar” əsəri üzərində məşqlərə başlayacaq.