REGİONLAR
Qax-İlisu avtomobil yolu qardan təmizlənib
Qax, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dekabrın 7-də səhər saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinin dağlıq və dağətəyi ərazilərinə intensiv qar yağır. Havanın temperaturu xeyli aşağı düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarın yağması bölgənin dağlıq ərazilərində yerləşən kəndlərə gediş-gəlişdə, elektrik enerjisi və təbii qazın verilməsində heç bir problem yaratmayıb. Qax rayonunun İlisu və Sarşbaş kəndlərində qarın intensivliyi daha çox müşahidə olunur. Qax-İlisu avtomobil yolu “Azəravtoyol” ASC-nin xüsusi texnikasının köməyi ilə qardan təmizlənib, nəticədə avtomobillərin hərəkətində heç bir çətinlik yaranmayıb. Gələcəkdə avtomobil yollarında baş verə biləcək çətinlikləri aradan qaldırmaq üçün hazırda səhmdar cəmiyyət tərəfindən bütün zəruri tədbirlər görülür, lazımi qədər duz və qum ehtiyatı yaradılıb.