REGİONLAR
Qax: baramaçılıqda bu il üçün hədəf 25 tondur VİDEO
Qax, 4 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunda istehsalçılardan barama qəbuluna başlanılıb. Kümçülər qısa müddətdə Qax Damazlıq İpəkçilik Stansiyasında yaradılan qəbul məntəqəsinə 3,5 ton yaş barama təhvil veriblər.
Stansiyanın direktoru Əkrəm Fətəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il rayonda barama istehsalının ötən illə müqayisədə 2 dəfə artırılaraq 25 tona çatdırılması qarşıya hədəf qoyulub. Cari mövsümdə barama yetişdirilməsi ilə əlaqədar 315 istehsalçı ilə müqavilə bağlanılıb, onlara 624 qutu, yəni 11 kiloqram 856 qram ipəkqurdu paylanılıb.
Əkrəm Fətəliyevin sözlərinə görə, İbaxlı kənd sakini Əsbət Əhmədova hələlik qəbul məntəqəsinə hamıdan çox – 272 kiloqram yaş barama təhvil verib. Kümçü bu il 120 qram ipəkqurdu bəsləyib. Şotavar kənd sakini Vüqar Musayev də 120 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. İstehsalçı indiyədək məntəqəyə 249 kiloqram barama təhvil verib. O, yaxın günlərdə məntəqəyə daha 80-100 kiloqram barama gətirməyi planlaşdırır.
Stansiyanın direktoru bildirib ki, son günlər havaların soyuq və yağmurlu keçməsi səbəbindən ipəkqurdlarının barama sarıması bir az ləngiyir. Barama sarınması üçün tələb olunan optimal temperatur 25-27 dərəcədir. Son günlər isə havanın temperaturu 16-17 dərəcə olub. Havalar istiləşərsə, barama tədarükü daha da sürətlənəcək.
Kümçülərlə söhbət zamanı onlar dövlətin bu sahəyə dəstəyindən, məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Çüdüllü kənd sakini Elsevər Hümbətov bu il ilk dəfə barama yetişdirib. Kümçü cari mövsümdə 20 qram ipəkqurdu bəsləyib. İndiyədək məntəqəyə 41 kiloqram yaş barama təhvil verib. Yaxın günlərdə daha 25 kiloqram barama təhvil verməyi planlaşdırır.
Turaclı bələdiyyəsinin sədri Sarvan Omarov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bələdiyyənin tərkibində olan Turaclı, Marsan və Çüdüllü kəndlərində ötən il 4 kümçü ailəsi baramaçılıqla məşğul olub. Onlar ötən mövsüm 300 qram ipəkqurdu bəsləyib, 750 kiloqram yaş barama istehsal ediblər. Cari mövsümdə isə hər üç kənd üzrə 33 kümçü ailəsi ilə barama yetişdirilməsi üçün müqavilə bağlanılıb, onlara 1000 kiloqram ipəkqurdu paylanılıb. İndiyədək bu kəndlərin kümçüləri tərəfindən qəbul məntəqəsinə 500 kiloqramdan çox yaş barama təhvil verilib. Builki mövsüm üçün hədəf 2 tondur.
Rayonda barama tədarükü “Azəripək” MMC-nin mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.