REGİONLAR
Qax rayonunun Zəyəm kəndinə ilk dəfə təbii qaz verilib VİDEO
Qax, 11 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Martın 11-də rayonun Zəyəm kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 366 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 897 metr müxtəlif diametrli polietilen və 17 min 452 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, digər rayonlar kimi, Qax rayonunun yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması məqsədi ilə zəruri tədbirlər həyata keçirilir. Cari ilin əvvəlindən rayonun 2 kəndinə “mavi yanacaq” verilib.
Kənd sakinləri çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.