REGİONLAR
Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsi ilə bağlı təqdimat mərasimi olub VİDEO
Qax, 13 may, Mustafa Dadaşov, AZƏRTAC
Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi yeni “Xalq yaradıcılığı paytaxtları” Proqramına əsasən, Qax şəhəri 2015-ci il üçün “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilib.
AZƏRTAC xəbər verir ki, mayın 13-də Səməd Vurğun adına Qax rayon Mədəniyyət evində “Milli mətbəx paytaxtı”nın təqdimat mərasimi keçirilib. Tədbirdə rayon rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, mədəniyyət işçiləri, turizm obyektlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, mədəniyyət evinin foyesində Qax rayonuna məxsus mətbəx nümunələrindən ibarət sərgiyə baxıblar.
Qısa konsert proqramından sonra rayonun milli mətbəxi, turizm potensialı və tarixi abidələri ilə bağlı film nümayiş etdirilib.
Tədbiri rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov açaraq, Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsinin rayonun mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirib, “paytaxt ili” çərçivəsində həyata keçiriləcək tədbirlərin Qaxın milli kulinariyasının, həmçinin rayonun zəngin turizm potensialının yerli və xarici turistlərə daha yaxından tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev xalqımızın malik olduğu maddi və qeyri-maddi mədəni irsin qorunması və təbliği işinin mədəniyyət siyasətinin mühüm tərkib hissələrindən biri olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, nazirlik tərəfindən 2010-cu ildən həyata keçirilən “Xalq yaradıcılığı paytaxtları” Proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi, “paytaxt” seçilmiş şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.
Nazirliyin rəsmisi Proqramın 2010-2014-cü illəri əhatə edən birinci mərhələsi çərçivəsində 5 il ərzində üç nominasiya üzrə 15 “paytaxt” şəhər elan olunduğunu, bu şəhərlərdə bir sıra yaddaqalan tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Proqramın icrası bölgələrin adət-ənənələrinin, mədəniyyətinin, tarixinin, turizm imkanlarının tanıdılmasına, rayonların mədəni həyatının dirçəldilməsinə böyük təsir göstərib. Təsadüfi deyildir ki, paytaxt seçilmiş şəhərlərdə keçirilən bir sıra festivallar artıq ənənəvi xarakter alıb.
Fikrət Babayev bildirib ki, “Xalq yaradıcılığı paytaxtları” Proqramına əsasən Qax şəhəri 2015-ci il üçün “Azərbaycanın milli mətbəx paytaxtı”, Şamaxı şəhəri isə “Azərbaycanın ədəbiyyat paytaxtı” elan edilib.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsini milli mənəvi dəyərlərimizə, rayonun milli mətbəx nümunələrinə verilən yüksək qiymət və etimad olduğunu vurğulayıb. Bildirilib ki, paytaxt şəhər nominasiyası çərçivəsində rayonda milli mətbəximizlə bağlı silsilə tədbirlərin, festivalların, konfrans və “dəyirmi masa”ların, müsabiqələrin keçirilməsi, sərgilərin təşkili nəzərdə tutulur. M.Şəkiliyev qeyd edib ki, paytaxt nominasiyası proqramı Qaxın milli mətbəx nümunələrinin üzə çıxarılmasında, qorunması və geniş miqyasda təbliğ olunmasında mühüm rol oynayacaq, eyni zamanda, turizm sahəsinin inkişafına öz töhfəsini verəcək.
Mərasimin sonunda Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsi ilə bağlı hazırlanmış xatirə kuboku rayon rəhbərliyinə təqdim olunub.