REGİONLAR
Qax taxılçıları indiyədək zəmilərdən 36 min tondan çox məhsul yığıblar
Qax, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Taxıl əkilmiş 13 min 238,5 hektar sahənin 11 min 543 hektarında biçin artıq başa çatdırılıb, zəmilərdən 36 min 590,5 ton məhsul tədarük olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, ötən ilin payızında rayonda cari ilin məhsulu üçün 4408 hektar sahədə arpa, 8830,5 hektarda buğda əkilib. Arpa sahələrində biçin artıq başa çatıb və 13 min 45 ton məhsul istehsal olunub. Hər hektardan orta hesabla 29,6 sentner məhsul götürülüb. Buğda sahələrinin isə 7135 hektarında biçin aparılıb və 23 min 545,5 ton məhsul əldə olunub. Hər hektardan orta məhsuldarlıq 33 sentner təşkil edir.
Hələlik rayonda 1695,5 hektar biçilməmiş buğda sahəsi qalıb. Təsərrüfatlarda taxıl biçininin yaxın günlərdə yekunlaşacağı gözlənilir.