REGİONLAR
Qaxda 13,2 min hektardan çox sahədə taxıl əkilib
Qax, 7 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında 2022-ci ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri 13 min 238 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 8 min 830 hektarını buğda, 4 min 408 hektarını arpa sahələri təşkil edir. Eyni zamanda, rayonda 283 hektar sahəyə yaşıl yem üçün xəsil arpa da səpilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, hazırda taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir, sahələr suvarılır. İndiyədək 2 min 90 hektar sahədə suvarma işləri aparılıb.
Qeyd edək ki, ötən il rayonda 14 min 91 hektar sahənin məhsulu biçilib, 45 min 681 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,4 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min tondan çox artıb.