REGİONLAR
Qaxda “Gənc atıcı” yarışında 80 iştirakçı mübarizə aparıb
Qax, 23 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar fevralın 23-də Qax şəhər stadionunda “Gənc atıcı” devizi ilə keçirilən atıcılıq yarışı Marsan kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Qax şəhər 2 saylı məktəb liseyin və Qaxbaş kənd 1 saylı tam orta məktəbin komandaları yarışları ikinci və üçüncü pillədə başa vurublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 25 məktəb komandasının tərkibində 80 atıcı mübarizə aparıb.
Yarışın açılışında idarənin rəisi Əlövsət Bayramov və təhsil şöbəsinin müdir əvəzi Babək Heydərov çıxış edərək, erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən danışıb, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar. Vurğulanıb ki, ərazilərimizin 20 faizinin işğal altında olduğu bir zamanda yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi böyük əhəmiyyət daşıyır.
Fərdi yarışlarda Hüseyn Səfərli, Ömər Rəsulov və Nika Lomaşvili müvafiq olaraq ilk üç yeri tutublar.
Yarışın qalibləri diplomlarla mükafatlandırılıblar.