REGİONLAR
Qaxda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Qax, 29 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi Qax rayonunun müəssisə və təşkilatlarında da silsilə tədbirlərlə qeyd olunub. Keçirilən tədbirlərdə görkəmli alimin mənalı ömür yoluna bir daha nəzər salınıb, onun Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən geniş bəhs edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə aprelin 28-də Qax Rayon Mərkəzi Xəstəxanasında “Cəmiyyətə işıq bəxş edən alim ömrü” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın əvvəlində akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, görkəmli alimin mənalı həyat yolu və yorulmaz fəaliyyəti barədə danışıb, onun tibb elminin inkişafına verdiyi əvəzsiz töhfələrdən söz açıb. Vurğulanıb ki, geniş dünyagörüşü, tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb sahəsində çalışanlar üçün əsl mənəviyyat, kamillik və müdriklik məktəbidir.
Konfransda məruzə ilə çıxış edən Qax Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Tərlan Əhmədzadə Zərifə Əliyevanın zəngin elmi irsinin, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin parlaq səhifəsi olduğunu diqqətə çatdırıb.
YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin baş həkimi Vahid Məsimov, həkim-stomatoloq Zərifə Heydərova çıxışlarında akademik Zərifə Əliyevanın sənəti və yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş etdiyini, şəfalı əlləri ilə minlərlə xəstənin müalicə olunduğunu, gözlərə işıq verildiyini xüsusi vurğulayıblar. Qeyd olunub ki, xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri, müasirliyi və əməksevərliyi nurlu şəxsiyyətində cəmləyən bu nəcib qadının, qayğıkeş ananın, dəyərli alimin, ictimai xadimin canlı və parlaq çöhrəsi bütöv bir dövrün, zamanın obrazı kimi qarşımızda durur.