REGİONLAR
Qaxda indiyədək 11,5 min hektardan çox sahədə payızlıq səpin aparılıb
Qax, 30 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 13,3 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 10 min hektarına buğda, 3,3 min hektarına isə arpa səpiləcək. Hazırda təsərrüfatlarda payızlıqların səpini davam edir. Fermerlər indiyədək 3 min 265 hektarı arpa, 8 min 278 hektarı isə buğda olmaqla, 11 min 543 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, səpin aparılan sahələrin 5 min 490 hektarı dəmyə, 7 min 810 hektarı isə suvarılan torpaqlardır. Torpaq mülkiyyətçiləri tərəfindən indiyədək 700 hektar taxıl sahəsində şərti suvarma aparılıb və bu iş davam etdirilir. Payızlıq dənlilərin səpini üçün bu günədək təsərrüfatlarda 13 min hektardan çox sahədə şum aparılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 4 min 900 tonadək yüksək reproduksiyalı toxum fondu yaradılıb.