REGİONLAR
Qaxda indiyədək 1530 hektar sahədə qarğıdalı əkilib
Qax, 12 may, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Qax rayonunun təsərrüfatlarında 1500 hektaradək sahədə dən üçün qarğıdalı əkilməsi proqnozlaşdırılırdı. Fermerlər artıq bu günədək 1530 hektar sahədə qarğıdalı əkiblər. Hazırda təsərrüfatlarda dən üçün qarğıdalı əkini yekunlaşmaq üzrədir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, təsərrüfat sahibləri əkin zamanı əsasən Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər. İndiyədək rayonun Güllük kəndində 250 hektar, Tasmalı kəndində 220 hektar, Əlibəyli kəndində isə 180 hektar sahəyə qarğıdalı toxumu səpilib.
Qeyd edək ki, qaxlı fermerlər ötənilki mövsümdə 1516 hektar qarğıdalı sahəsindən 11 min 858 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 78,2 sentner məhsul götürülüb.