REGİONLAR
Qaxda koronavirus əleyhinə tədbirlər artırılıb
Qax, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Qax rayonunda ciddi nəzarət tədbirləri həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən xüsusi mobil qruplar yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti aparatının məsul nümayəndələrinin və hüquq-mühafizə orqanları əməkdaşlarının daxil olduğu mobil qrupların üzvləri xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsi və infeksiyaya yoluxma hallarının baş verməməsi üçün əhali arasında geniş maarifləndirmə və izahat işləri aparırlar. Səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsilə karantin rejiminin tələblərinə riayət olunması ilə bağlı sakinlərə gün ərzində mütəmadi olaraq çağırışlar edilir. Vətəndaşlardan karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etmələri tələb olunur, onlarla profilaktik söhbətlər aparılır, evdə qalmaq, küçəyə çıxmamaq tapşırılır. Həyata keçirilən bütün bu tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur. Eyni zamanda, karantin rejimini pozan şəxslərə qarşı artıq cərimələrin tətbiqinə də başlanılıb.
Karantin dövründə yaşlı, ahıl insanlara sosial xidmətlərin göstərilməsinə də xüsusi diqqət ayrılıb. Tənha yaşayan, həmçinin yaşı 65-dən yuxarı olan vətəndaşların sosial ehtiyaclarının ödənilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin sosial xidmət işçiləri və könüllülər tərəfindən vətəndaşlara evlərində sosial xidmətlər göstərilir. Ərzaq və əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində, məişət tullantılarının atılmasında və digər işlərdə onlara yardım göstərilir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir. Rayon icra hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında Qax şəhərinin prospekt və küçələrində, parklarda, çoxmənzilli yaşayış binalarının giriş blokları və həyətlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.