REGİONLAR
Qaxda vinq çun döyüş növü üzrə turnirdə 90 idmançı mübarizə aparıb
Qax, 26 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Vinq Çun Döyüş Sənəti Federasiyasının və Qax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər kuboku” turniri keçirilib. Qax Olimpiya İdman Kompleksində keçirilən yarışda Bakı şəhərini və Qax rayonunu təmsil edən 90 idmançı mübarizə aparıb. Turnirin açılış mərasimində şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər, həmçinin nazirliyin, rayon icra hakimiyyətinin, federasiyanın, YAP Qax rayon təşkilatının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti Asif Sayadov, nazirliyin nümayəndəsi, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası Lalə xanım, şəhid atası Abid Ağayev çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin heç bir zaman unudulmayacağını vurğulayıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Diqqətə çatdırılıb ki, vinq çun özünü müdafiəyə hesablanmış döyüş növüdür. Özündə şərq fəlsəfəsini ehtiva edən vinq çun digər şərq döyüş növləri kimi insanın təkcə fiziki gücünü deyil, eyni zamanda, mənəvi gücünü də tərbiyə edir. Bu idman növü gənc nəslin sağlam ruhda böyüməsində və onlara vətənpərvərlik hisslərinin aşılanmasında müstəsna rol oynayır. Ölkəmizdə də bu döyüş üslubu gənclər, eləcə də müxtəlif yaş qruplarına aid insanlar tərəfindən çox sevilir.
Bildirilib ki, bu döyüş sənətinin yarandığı məkan sayılan Çində və bir çox ölkələrdə təşkil olunan seminarların və təlim-məşqlərin iştirakçısı, 2015-ci ildə Almaniyada keçirilmiş beynəlxalq müsabiqədə “ilin ustası” adına layiq görülən Azərbaycan Ving Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Əməkdar məşqçi Asif Sayadov tələbələrinə bu döyüş sənətinin sirlərini məharətlə öyrədir.
Nümunəvi çıxışlardan sonra qarşılaşmalara start verilib.
Turnirin qalibləri federasiya tərəfindən diplom və medallarla mükafatlandırılıblar.