REGİONLAR
Qaxın daha iki kəndində modul tipli məktəblər quraşdırılır
Qax, 17 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun Aşağı Malax və Fıstıqlı kəndlərində qəzalı vəziyyətdə olan ümumi orta məktəblər üçün hər biri 40 şagird yerlik modul tipli yeni binalar quraşdırılır. Bundan əlavə, yaxın vaxtlarda Çinarlı kəndindəki ümumi orta məktəb üçün də modul tipli binanın quraşdırılmasına başlanılacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Rayonun Əmircan, Qapıçay, Qarabaldır və Qaradolaq kəndlərində qəzalı vəziyyətdə olan ümumi orta məktəblər üçün quraşdırılan modul tipli binalarda isə tikinti işləri artıq yekunlaşıb. Bu məktəblərin ikisi 80, ikisi isə 56 şagird yerlikdir.
Qeyd edək ki, modul tipli məktəb binaları azməsrəfli olması, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılması ilə fərqlənir.