REGİONLAR
Qaxın mədəniyyət işçiləri müharibə qazisini ziyarət ediblər
Qax, 5 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun mədəniyyət işçiləri torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrini, eləcə də döyüşlər zamanı yaralanan qaziləri, müharibə iştirakçılarını mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə rayonun Əmbərçay kənd kitabxanasının və klubunun əməkdaşları Vətən müharibəsinin qazisi Yunusov Xəqani Çingiz oğlunu evində ziyarət ediblər.
İkinci Qarabağ müharibəsinin başlandığı gündən könüllü olaraq cəbhəyə yollanan Xəqani sentyabrın 27-də Füzuli rayonunun Horadiz istiqamətində gedən döyüşlərə qatılıb, Cəbrayılın, Qubadlının alınmasında iştirak edib. İgid döyüşçü Cəbrayılın Nüzgər kəndi uğrunda gedən döyüşlərdə ayağından ağır yaralanıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Xəqani Yunusov “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışılıb, zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğu vurğulanıb.
Vətən müharibəsinin qazisi cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb.
Qonaqlar qazimizin tezliklə sağlamlığına qovuşmasını arzulayıblar.