REGİONLAR
Qaxlı gənclər “Gəzərək öyrənirik” layihəsi çərçivəsində arıçılıq təsərrüfatında olublar
Qax, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyi “Könüllülər ili” çərçivəsində gənclərə “Gəzərək öyrənirik” adlı layihə təqdim edib. Layihənin həyata keçirilməsində əsas məqsəd gəncləri rayonun ərazisində fəaliyyət göstərən təsərrüfat sahələri ilə yaxından tanış etməkdir.
Nümayəndəliyin rəhbəri Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində gənclər rayonda fəaliyyət göstərən “APİ-DELTA” arıçılıq təsərrüfatı ilə tanış olublar. Müəssisənin rəhbəri, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov gənclərə məlumat verib ki, beş ildir yaradılan bu kompleks ölkəmizdə fəaliyyət göstərən ən iri arıçılıq təsərrüfatıdır. Hazırda təsərrüfatda 1300-dən çox arı ailəsi var. Kompleksin tərkibinə arıxana təsərrüfatı, damazlıq bölmə, arı pətəyi, çərçivə və arıçılıq üçün lazım olan digər avadanlığın, həmçinin arı mumundan şanın hazırlanması üçün sexlər, laboratoriya, arı südünün alınması və digər istehsal sahələri daxildir. Müəssisədə 10 çeşiddə arıçılıq məhsulu, o cümlədən bal, çiçək tozu, vərəmum, arı südü, orqanik bal və digər məhsullar istehsal olunur.
Arıçılıq təsərrüfatı ilə tanışlıq gənclərin böyük marağına səbəb olub.