CƏMİYYƏT
Qazax sakinində narkotik maddə və silah aşkarlanıb
Bakı, 18 yanvar, AZƏRTAC
Nəqliyyatda Baş Polis İdarəsinin narkotiklərlə mübarizə və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə stansiyasının xətt polis şöbələri əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən Qazax şəhər sakini Afiq Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, onun üzərində axtarış aparılan zaman 455 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Afiq Məmmədovla bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhəri ərazisindəki qəbiristanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşları həmin ərazidən istifadəyə yararlı “AKM-72” markalı avtomat və dörd patron aşkarlayaraq götürüblər.
Həmin maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.