REGİONLAR
Qazaxda 163 çoxmənzilli yaşayış binasından 129-u təmir olunub
Qazax, 23 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı 2016-cı il 20 oktyabr tarixli Sərəncamına əsasən 2017-ci ildə 78, 2018-ci ildə isə 5 çoxmənzilli yaşayış binasının fasadında, bloklarında, pilləkən qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir və rəngləmə, həyətlərində isə abadlıq işləri görülüb. Dörd çoxmənzilli yaşayış binasının həyətində xeyir-şər evləri tikilib və ya əsaslı təmir olunub. Bununla da rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından 129-u yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Həmçinin dövlətimizin başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı 2018-ci il 4 oktyabr tarixli Sərəncamına əsasən, şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən beşmərtəbəli, 36 mənzilli və Bakı küçəsi 1 ünvanında yerləşən beşmərtəbəli, 30 mənzilli binaların dam örtükləri dəyişdirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Heydər Əliyev prospekti və Bakı küçəsi 1 ünvanında yerləşən və təmir aparılacaq binalara baxış keçirib, mövcud vəziyyətlə maraqlanıb.