REGİONLAR
Qazaxda Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi böyük təntənə ilə qeyd edilib
Qazax, 15 may, Famil Quliyev, AZƏRTAC
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yubiley tədbirinə şairin doğulduğu Yuxarı Salahlı kəndindən başlanılıb.
Tədbir iştirakçıları əvvəlcə Səməd Vurğunun poeziya evinə gələrək böyük şairin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Sonra tədbir M.P.Vaqifin kənddəki abidəsi önündə davam etdirilib. Şairin abidəsi önünə gül-çiçək dəstələri düzən tədbir iştirakçıları onun xatirəsini böyük ehtiramla anıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəfəkkir şair M.P.Vaqifin yubiley tədbirlərinin Prezident İlham Əliyevin 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən keçirildiyini qeyd edib. O, bu yubileyin qazaxlılar üçün, bütün Vaqifsevərlər üçün böyük poeziya bayramı olduğunu vurğulayıb.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal M.P.Vaqifin həyat və yaradıcılığından danışıb.
Sonra söz qonaqlara verilib. Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Bünyadov, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxış edərək, Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən söz açıblar.
M.P.Vaqif nəslinin davamçısı Vidadi Müftizadə çıxış edərək, yubiley tədbirinin yüksək səviyyədə keçirilməsinə və Vaqif yaradıcılığına, poeziyasına verilən dəyərə görə dövlətimizin başçısına, rayon rəhbərliyinə ailəsi və Vaqif nəslinin nümayəndələri adından öz dərin minnətdarlığını bildirib.
Bakıdan, Daşkəsəndən, Tovuzdan, Ağstafadan, Qazaxdan olan şairlər Ələddin İncəli, İsa Cavadoğlu, Mustafa Rasimoğlu, Saqif Qaratorpaq, Zaməddin Ziyadoğlu, Məzahir Yaqub, Tamella Poladlı, Zərəngiz Dəmirçi Qayalı və başqaları şeirlər səsləndiriblər.
Sonra Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri və Bakı Dövlət Universiteti Qazax filialının tələbələrinin ifasında şairin şeirlərindən parçalar oxunub, “Vaqif” pyesindən səhnə nümayiş etdirilib.
Aşıq Şahmurad Qazaxlının saz havasında M.P.Vaqifin “Durnalar” şeirini oxuması ilə yubiley tədbirinin Yuxarı Salahlı kəndində olan hissəsi başa çatıb.
Daha sonra M.P.Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş yubiley tədbiri rayon Gənclər Mərkəzində keçirilən elmi-praktik konfransla davam etdirilib.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsini anıblar.
Sonra konfrans böyük Azərbaycan şairi M.P.Vaqifin həyat və yaradıcılığından bəhs edən “Molla Pənah Vaqif” adlı filmin nümayişi ilə işə başlayıb.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransı açaraq, M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinin keçirilməsinin Qazaxda əsl bayram ab-havası yaratdığını bildirib. Diqqətə çatdırılıb ki, Vaqif klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri sırasında özünəməxsus yer tutan şairdir. O, həm böyük şair, həm də siyasi xadim kimi tanınıb.
Çıxışlarda M.P.Vaqif yaradıcılığından, şeirlərinin zənginliyindən, onun gözəllik şairi olmasından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.
M.P.Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş yubiley tədbiri günün ikinci yarısında Olimpiya İdman Kompleksində təşkil olunan bayram konserti ilə davam edib.