REGİONLAR
Qazaxda fındıq yığımına başlanıb VİDEO
Qazax, 30 avqust, Famil Quliyev, AZƏRTAC
Aqrar sahənin inkişafında öz yeri olan rayonlardan biri də Qazaxdır. Son illər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində qazanılan uğurlar rayonun potensial imkanlarını daha da genişləndirib, əhali arasında iqtisadi cəhətdən daha səmərəli olan bitkilərin əkininə maraq xeyli artıb. Bu sahələrdən biri də fındıqçılıqdır. Fermerlər bu bitkinin gəlirliliyini nəzərə alaraq hər il bağ sahələrini bir qədər də genişləndirirlər. Bu il Qazaxda 50,5 hektar sahədə yeni findıq bağları salınıb. Hazırda fındığın yığımına başlanıb. Qazaxlı fermerlər bağlardan bol məhsul götürəcəklərini deyirlər.
Fermer Zakir Qocayev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “600-ə yaxın fındıq ağacım var. Məhsuldarlıq da yaxşıdır. Satışda da problem yoxdur. Alıcı elə qapıdan alır. Gələcəkdə fındıq bağımı 2-3 hektar artıracam”.
Rayondakı fındıq bağlarının demək olar ki, hamısı fərdi təsərrüfatlardadır. Fermer Qəzənfər Qocayev 2 hektar sahədə fındıq bağı salıb və bu il yeni tinglər əkəcəyini deyir. Yığım zamanı əldə edilən nəticənin yaxşı olduğunu deyən fermer, bir ağacdan 5-7 kiloqram məhsul götürdüklərini bildirdi.
Fermerlər toplanan məhsulun elə bağdaca satışını həyata keçirirlər. Bir hektar bağdan 4 tonadək məhsul yığan fermerlər payızda fındıq bağlarını bir qədər də genişləndirməyi, yeni məhsuldar kollar gətirib əkməyi planlaşdırırlar.