REGİONLAR
Qazaxda gənc rəssamların rəsm müsabiqəsi təşkil edilib
Qazax, 5 oktyabr, AZƏRTAC
Qazax Dövlət Rəsm Qalereyasında rayon icra hakimiyyətinin və “Öyrədərək Öyrənirik” GİİD İctimai Birliyinin təşkilatçılığı ilə rəsm müsabiqəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Vətən üçün hazır ol!” devizi altında keçirilən rəsm müsabiqəsində gənc rəssamların Vətən mövzusunda çəkdikləri əl işləri nümayiş etdirilib.
Tədbirdə gənclər və idman idarəsinin baş məsləhətçisi İsmayıl Süleymanov, qalereyanın müdiri Münəvvər Xəlilova və mədəniyyət və turizm şöbəsinin baş məsləhətçisi Nailə Əliyeva gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonra gənclərin əl işlərinə baxış keçirilib.
Münsiflər heyətinin qərarına əsasən Qurbanov Bəhruz Zahid oğlu, Veyisova Lalə Ayaz qızı I yerə, Quliyev Eşqin Əmir oğlu, Kərimova Elnurə Faiq qızı II yerə, Əlizadə Coşqun Elxan oğlu və Carçılı Ema Ramil qızı isə III yerə layiq görülüblər.
Qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim olunub.