REGİONLAR
Qazaxda koronavirus əleyhinə növbəti dezinfeksiya işləri aparılıb
Qazax, 30 avqust, Elcan Məmmədov, AZƏRTAC
Son vaxtlar ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da son günlər ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayındakı artım nəzərə alınaraq, bu epidemiyaya qarşı mübarizə tədbirləri genişləndirilib.
Genişmiqyaslı tədbirlər çərçivəsində qrafikə əsasən Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev prospekti, Bakı, Azadlıq, Firuddin Şamoyev küçələrində, sakinlərin sıxlıq təşkil etdiyi “Fəxri qazaxlılar” parkında, “Qazax Avtovağzal” ASC-də, şəhərdaxili və şəhərdən kəndlərə sərnişin daşıyan marşrutlarda dezinfeksiya işləri aparılıb.