REGİONLAR
Qazaxın Yuxarı Salahlı kəndində açılan tibb məntəqəsi əhaliyə müasir tibbi xidmət göstərəcək
Qazax, 1 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Oktyabrın 1-də Yaponiya hökumətinin maliyyə dəstəyi ilə “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” layihəsi çərçivəsində Qazax rayonunun Yuxarı Salahlı kəndində tikilən yeni tibb məntəqəsi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Teruyuki Katori məlumat verib ki, icrası başa çatan layihə üzrə qrant müqaviləsi bu il martın 6-da Yaponiya səfirliyi ilə “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi arasında imzalanıb. Layihənin həyata keçirilməsində məqsəd Yuxarı Salahlı və ətrafdakı kəndlərin sakinlərinə təkmilləşdirilmiş tibbi xidmət göstərməkdir.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında Qazaxda həyata keçirilən sosial-infrastruktur layihələrdən danışıb, Yuxarı Salahlı kəndinin sakinlərini yeni tibb məntəqəsinin inşa olunması münasibətilə təbrik edib. Qeyd olunub ki, yeni tibb məntəqəsinin istifadəyə verilməsi ilə rayonun Yuxarı Salahlı və ətraf kəndlərində yaşayan minlərlə sakinə göstərilən tibbi xidmətin səviyyəsi yüksələcək.
Sonra qonaqlar tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, Yaponiya hökuməti tərəfindən indiyədək Qazax rayonunu əhatə edən ümumi dəyəri 243,861 min ABŞ dolları olan 3 layihə üzrə qrant müqaviləsi imzalanıb. Sonuncu layihənin ümumi məbləği 90,868 ABŞ dolları təşkil edir.
Həmin layihə çərçivəsində inşa olunan tibb məntəqəsinin ümumi sahəsi 216 kvadratmetrdir. Səkkiz otaqdan ibarət həkim məntəqəsində həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Tibb məntəqəsinin qarşısında 30 kvadratmetr ərazini əhatə edən çardaq quraşdırılıb, məntəqənin qarşısına yol çəkilib.