REGİONLAR
Qazaxın min bir dərdin dərmanı olan məşhur bəkməzi FOTO VİDEO
Qazax, 17 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
Bəkməz Azərbaycanda qədimdən bəri fərdi qaydada, hər bölgənin öz üsul və qaydası ilə bişirilib. Belə rayonlardan biri də Qazaxdır. Özünün “gün bəkməzi” ilə məşhur olan Qazaxın Kosalar kəndində bu “dərman” sakinlər tərəfindən uzun illərdir xüsusi üsulla bişirilib hazırlanır.
AZƏRTAC xəbər verir ki, hazırda tutun yetişmə dövrüdür, kənddəki hər ailə tut ağaclarının meyvəli budaqlarını çırparaq ondan bəkməz hazırlayır.
Bəkməzi keyfiyyətli hazırlamaq üçün günlərlə vaxt tələb olunur. Onun hazırlanması ailə üzvlərinin səfərbər olunaraq tutun çırpılmasından başlayır. Bəkməz üçün tutun suyu lazım olduğundan, onun tam yetişməyi gözlənilir. Bundan sonra çırpılan məhsul qazanlara doldurularaq suyunu çıxarmaq üçün ocağa qoyulur. Şirənin alınması üçün davamlı qaynadılır. Son mərhələdə məhsul ləyənlərə tökülərək günün altına qoyulur.
Münasib qiymətə satılan bəkməzin bir litri alıcılara 12-14 manata təklif olunur. Bir tut ağacının meyvəsindən mövsüm zamanı 20 litr bəkməz bişirmək olur. Bir tut ağacı ev sahibinə təkcə bəkməzi ilə 240-300 manatadək gəlir gətirir. “Gün bəkməzi”nin üstün cəhətlərindən biri də odur ki, heç vaxt qıcqırmır və uzun illər saxlamaq mümkündür.
Qeyd edək ki, bəkməzin insan orqanizmi üçün faydaları çoxdur. Ondan ən çox qan azlığında, mədə-bağırsaq, nəfəs yolu xəstəliklərində istifadə edilir. Bəkməzdə saxaroza deyil, fruktoza olduğundan onu şəkərli diabet xəstələri də istifadə edə bilir.