DÜNYA
Qazaxıstan Aİ-yə Mərkəzi Asiya ilə nəqliyyat sahəsində əməkdaşlıq strategiyası hazırlamağı təklif edib

Bakı, 3 iyun, AZƏRTAC
Qazaxıstan hakimiyyəti Avropa İttifaqına (Aİ) Mərkəzi Asiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlıq strategiyasının hazırlanmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, bunu Çolpon-Atada keçirilən ikinci Mərkəzi Asiya-Avropa İttifaqı sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
"Qazaxıstan Transxəzər marşrutunu Trans-Avropa Nəqliyyat Şəbəkəsi və Qlobal Gateway meqatəşəbbüsü ilə birləşdirmək üçün avropalı tərəfdaşlarla işləməyə hazırdır. Bu il mayın 19-da Avropa Bankı Avropa və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinə dair davamlı inkişafla bağlı araşdırmasını təqdim edib. Bu, Cənubi Qazaxıstan ərazisindən keçən Mərkəzi Transxəzər Şəbəkəsinin ən dayanıqlı variant kimi müəyyən edildiyini göstərir”, - Tokayev bildirib.
O qeyd edib ki, ilkin hesablamalara görə, Mərkəzi Transxəzər Şəbəkəsinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi üçün 18,5 milyard avro həcmində investisiya yatırılmalıdır: “Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında nəqliyyat və logistika əməkdaşlığının inkişafı, eləcə də irimiqyaslı layihələri birləşdirmək üçün layihə üzrə strategiyanın hazırlanması təklif olunur”.