DÜNYA
Qazaxıstan Xəzər dənizinin statusu barədə Konvensiyanı tezliklə ratifikasiya edəcək
Bakı, 17 avqust, AZƏRTAC
Qazaxıstan yaxın vaxtlarda Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanı ratifikasiya etməyi planlaşdırır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Zülfiyə Amancolova avqustun 17-də keçirilən brifinqdə bildirib. “Biz yaxın vaxtlarda Xəzər dənizinin statusu barədə Konvensiyanı ratifikasiya etmək niyyətindəyik. Bütün hallarda XİN yubanmadan dövlətdaxili prosedurları yerinə yetirməyə başlayacaq. Konvensiyanı hökumətə göndərəcəyik, hesab etmirəm ki, bu məsələnin həlli uzansın”, - deyə Amancolova vurğulayıb.
Onun sözlərinə görə, bundan sonra hökumət sənədi parlamentə göndərəcək.
Xatırladaq ki, avqustun 12-də Aktau şəhərində keçirilən V Xəzər sammitinin yekunu olaraq, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya prezidentləri Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanı imzalayıblar. Sənəd üzərində işlər 1996-cı ildən bəri davam edib.