DÜNYA
Qazaxıstan bölgələrini Qafqaz vasitəsilə beynəlxalq dəhlizlərə qoşmaq niyyətindədir
Astana, 9 oktyabr, AZƏRTAC
Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev hökumət qarşısında ölkəni ən mühüm Avrasiya nəqliyyat və logistika mərkəzinə çevirmək vəzifəsini qoyub.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov diplomatik korpusun nümayəndələri qarşısında çıxış edərək bu barədə ətraflı məlumat verib. Qeyd edib ki, “Nurlu Jol" proqramının həyata keçirilməsi üçün Çinin şərq sahillərindən - Lianyunganq limanından Qazaxıstan və Çin sərhədindən dəmir yolu və magistral yollar vasitəsilə Xəzər dənizindən Avropaya qədər optimal logistika zənciri təmin edilir. Bu logistik zəncir Transxəzər beynəlxalq dəhlizinin konteyner multimodal marşrutlarını birləşdirən Mərkəzi Asiya, Çin, Qafqaz, Türkiyə və avropalı tərəfdaşlar üçün maraqlıdır.
Nazir “Şimal-Cənub”, “Şərq-Qərb”, “Qərbi Avropa-Qərbi Çin” dəhlizlərinin işlərini tam təmin edəcəklərini, yeni iqtisadi-siyasi "Nurlu Jol" və Çinin təşəbbüsü olan "Bir kəmər - bir yol" layihələrini reallaşdırmaq, Qazaxıstanın bölgələrini Qafqaz və Rusiya ərazisindən keçməklə Çin-İran qitələrarası avtomobil yollarına və dəhlizlərə birləşdirmək niyyətində olduğunu bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana