CƏMİYYƏT
Qazaxıstan televiziyasında “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib
Bakı, 27 fevral, AZƏRTAC
Qazaxıstan televiziyasının “VISA FREE” proqramının növbəti buraxılışları Azərbaycana həsr olunub. Ölkəmizdə 30 gündən artıq qalmaq istəyən Qazaxıstan vətəndaşlarının sənədləşmə işlərinin “ASAN xidmət” vasitəsilə həyata keçirildiyi, Azərbaycana gəlmək istəyən əcnəbilərə “ASAN Viza” sistemi vasitəsilə vizaların verilməsinin təmin olunduğu diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, proqramın buraxılışlarında “ASAN xidmət” mərkəzlərində operativ və şəffaflıq prinsipləri əsasında 300-dən çox xidmət göstərildiyi qeyd olunub. Bildirilib ki, korrupsiya ilə mübarizə məqsədilə yaradılmış mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 98-100 faiz arasında dəyişir. Həmçinin nağd ödənişlər vətəndaşlarla dövlət orqanlarının nümayəndələri arasında deyil, yalnız mərkəzlərdə olan bank xidmətləri vasitəsilə həyata keçirilir. Burada heç bir korrupsiyadan söz gedə bilməz.
Kiçik və orta ailə təsərrüfatlarına dəstək göstərməklə Azərbaycanın sosial biznes modeli olan “ABAD”ın ailə biznesinin inkişafına böyük töhfələr verdiyi də vurğulanıb.