QAN YADDAŞI
Qazaxıstanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
Nur-Sultan, 25 fevral, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultanda Xocalı faciəsinin 30-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə keçirilən tədbirdə diplomatik korpusun rəhbərləri və nümayəndələri, ictimai-siyasi xadimlər, icma üzvləri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin, kitab və müxtəlif təbliğat materiallarının sərgisi nümayiş olunub, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarına Xocalı faciəsi qurbanlarının anım günündə Azərbaycan xalqının kədərini bölüşdüklərinə görə təşəkkür edən ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud surətdə pozaraq, Xankəndidə dislokasiya olunmuş keçmiş sovet ordusunun bir hissəsi ilə Xocalı şəhərinə hücum edərək, mülki şəxslərə qarşı misli görünməmiş qırğın törədiblər. Bu soyqırımı aktı Ermənistanın uzun illərdir Azərbaycana qarşı həyata keçirdiyi planlı etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsidir. Keçmiş prezident Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində bu qətliamda iştirakını açıq etiraf edib.
A.Atamoğlanov qeyd edib ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan parlamenti faciəyə siyasi qiymət verib və 26 fevral - Xocalı soyqırımı günü elan olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu soyqırımının dünyada tanıdılmasında böyük xidmətləri var. 2008-ci ildən Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyasına start verilib. Bu kampaniya Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən bəşəriyyətə qarşı ən ağır cinayət kimi tanınması məqsədi ilə yaradılıb.
Səfir Xocalı soyqırımının 30-cu ildönümünün başqa bir hisslə, qalib xalq olaraq qeyd edildiyini bildirərək, Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman oğullarımızın 30 ildən sonra dədə-baba torpaqlarımızı işğaldan azad etdiyini diqqətə çatdırıb. O, Vətən müharibəsi nəticəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirildiyini, tarixi ədalətin bərpa olunduğunu vurğulayıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, tarixin elə ağrı-acılı, qanlı səhifələri var ki, onların dəhşətlərini illər keçsə belə unutmaq mümkün deyil. Çünki o qədər qeyri-insani, o qədər vəhşicəsinə törədilib ki, həmin yaradan daim qan axır, sağalmasına heç bir ümid olmur. Xocalı faciəsi də belə faciələrdəndir.
“Qardaş Azərbaycan xalqının XX əsrdə üzləşdiyi bu dəhşətli faciə yalnız Holokost, Xatın, Qaladamor, Srebrenitsa kimi insanlıq tarixinə düşmüş qanlı qətliamlarla müqayisə oluna bilər. Çünki Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq istədilər. Lakin Azərbaycan xalqı hiyləgər düşmən qarşısında əyilmədi, sınmadı və bir daha özünə yaraşan qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi bunun çox gözəl örnəyi oldu. Prezident İlham Əliyevin yüksək iradəsi, Azərbaycan xalqının və ordusunun rəşadəti sayəsində qazanılan tarixi Zəfər bu cür azğın hərəkətlərə ən layiqli cavab idi”, – deyə Darxan Kıdırali əlavə edib.
D.Kıdırali Beynəlxalq Türk Akademiyasının hər il Xocalı soyqırımını yad etdiyini və bu cinayəti pisləyən bəyanatla çıxış etdiklərini, bu ilin də istisna olmadığını bildirib. Eyni zamanda, Akademiyanın beynəlxalq təşkilat kimi Qarabağla bağlı ilk dəfə xüsusi kitablar nəşr etdirdiyini vurğulayıb.
Qazaxıstan alimi Ayaş Melikzatov Xocalı soyqırımının 30-cü ildönümünə həsr etdiyi şeiri söyləyib.
Tədbirdə çərçivəsində müəllifləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva və professor Həvva Məmmədovanın olduğu və 2011-ci ildə Bakıda nəşr edilən “Xocalı soyqırımı: şahidlərin sözləri ilə” qazax dilində kitabı və BTA-nın qazax dilində dərc etdiyi “İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri” kitabı təqdim olunub.
Sonra “Xocalıya ədalət” adlı qısametrajlı film nümayiş etdirilib.
İlahə Əhmədova