DÜNYA
Qazaxıstanın Uyğur Teatrı Türkiyədə qastroldadır
Ankara, 1 noyabr, AZƏRTAC
Qazaxıstanın Uyğur Teatrı Türkiyə qastrolu çərçivəsində ilk möhtəşəm konsert proqramı ilə Ankarada çıxış edib.
AZƏRTAC xəbər verir ki, böyük uyğur bəstəkarı Kuddus Kujamyarovun anadan olmasının 100-cü və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaranmasının 25-ci ildönümünə həsr olunan konsert musiqisevərləri bir araya gətirib.
Konsertdən əvvəl TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Mustafa Ak və Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulun çıxışları olub. Diqqətə çatdırılıb ki, Uyğur Teatrının fəaliyyətinə göstərilən dövlət qayğısı Prezident Nursultan Nazarbayevin Qazaxıstanda milli azlıqların öz mədəniyyətlərini qoruyub saxlaması istiqamətində göstərdiyi səylərin nəticəsidir.
Qeyd edək ki, Qazaxıstanda fəaliyyət göstərən Uyğur Teatrı 1934-cü ildə təsis edilib və ötən dövrdə uyğur türklərinin milli mədəniyyətinin qorunmasında və inkişafında böyük inkişaf yolu keçib.
Teatr qastrol çərçivəsində Adana və İstanbul şəhərlərində də musiqisevərlərin qonağı olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara