REGİONLAR
Qazaxlı xalçaçı: İstəyirik ki, bu sənət Qarabağımızda tezliklə yenidən bərpa olunsun FOTO VİDEO
Qazax, 9 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Milli xalçaçılıq ənənələrimizin formalaşmasında ölkəmizin bölgələrinin xalçaçılıq məktəblərinin önəmli rolu var.
AZƏRTAC xəbər verir ki, Qazax xalçaçılıq məktəbi də bu baxımdan hər zaman fərqlənib, diqqət çəkib. Bu gün “Azərxalça” ASC-nin Qazax filialında xanımlarımız milli xalçalarımızın naxışlarını ilmələrə köçürürlər.
Belə xanımlarımızdan biri Gülnaz Qurbanovadır. O, uzun illərdir xalça toxuyur. Həm də bu sənətin sirrini gənc nəslə öyrədir. “On iki yaşımdan xalça toxuyuram. Anam, nənəm, bacılarım, xalalarım hamısı xalçaçı olublar. Çox gözəl sənətdir. Bu sənəti çox sevirəm. Hazırda Təbriz ipləri ilə Qarabağ xalçası toxuyuram”, - deyə o bildirib.
Qırx ilə yaxındır bu sənətdə çalışan Rahilə Əsgərova isə qızı ilə birgə işləyir: “Nəvəm də artıq gözəl xalça toxuyur. İstəyirik ki, bu sənəti həmişə yaşadaq. Toxuduğum Qarabağ xalçasıdır. Xalçaların ipləri keçmişdə əyrilmiş iplər kimidir. Bunların boyanması təbiidir. İp çox zərif, çox incədir. Belə demək olarsa, bu, yeni üsullu xalçadır”.
Xalçaçılarımız Qarabağdakı zəfərimizdən qürurlanıb həvəslə çalışdıqlarını deyirlər. Onlar Qarabağ xalçalarını sevgi ilə, qələbə sevinci hissləri ilə toxuyurlar.
“İstəyirik ki, bu sənət Qarabağımızda tezliklə yenidən bərpa olunsun. Bu reallaşana qədər isə Qarabağ xalçaçılıq ənənələrini Qazaxda davam etdirəcəyik. Biz də bununla qələbəmizə töhfə vermiş olarıq. Biz xalçaçılar sözümüzü toxuduğumuz milli xalçalarımızla deyirik: “Qarabağ bizimdir!”, - deyə Rahilə Əsgərova qürurla əlavə edib.
Milli xalçalarımızın daxili bazarla yanaşı, xarici bazara çıxarılması da nəzərdə tutulur. “Azərxalça” ASC-dən verilən məlumata görə, hazırda daxili və xarici bazar araşdırılır. Bu gün dünya xalça bazarındakı tələbata uyğun olaraq keyfiyyətli xalçaların toxunmasına üstünlük verilir. Azərbaycanlı xalçaçıların əl işləri isə dünyada tanınır. Ona görə də xalçalarımızın xarici bazarda özünə alıcı tapacağı şəksizdir.
“Azərxalça” ASC-nın Qazax filialının sex rəisi Razim İbrahimov bildirib ki, 2 ay ərzində 110 kvadratmetrə yaxın xalça toxunub. Yeni toxunan xalçaların əksəriyyəti, təxminən 90 faizi Qarabağ xalçalarıdır.
Müəssisədə işçilərin aylıq məvacibləri toxuduqları xalçanın kvadratmetri ilə ölçülür. Bu isə xalçaçıları daha çox işləməyə həvəsləndirir.
Qeyd edək ki, “Azərxalça” ASC-nin hazırda fəaliyyət göstərən 21 emalatxanasında 7 xalçaçılıq məktəbinə aid xalçalar toxunur. Müəssisədə, həmçinin klassik, ənənəvi xalçalar da toxunur. Yeni xalçalarda dizayn üslubu dəyişsə də, ənənəvi xalçalarda naxış elementləri olduğu kimi saxlanılır. Kommersiya tələblərinə uyğun olaraq yalnız dizayn üslubu və rəng çalarları üzərində dəyişikliklər edilir. Bütün dəyişikliklər yeni zövqlərə, bazarın tələbatına cavab vermək üçündür. İstər satış, istərsə də istehsalatda Qarabağ xalçalarının parametrinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizə gələn qonaqlara təqdim olunmasında da Qarabağ xalçasına üstünlük verilir.