QAN YADDAŞI
Qazi Elmir Əhmədov: Hər zaman Vətənimizin keşiyində durmağa hazırıq
Bakı, 20 yanvar, AZƏRTAC
Hər il Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərimizin əziz ruhlarına ehtiramımı bildirirdim. Lakin builki gəlişim bir başqa cür oldu. Hər zaman sanki "gözükölgəli" olaraq gəldiyim bu məkanı nəhayət ki, sevinc və qürur hissi ilə ziyarət etdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şəhidlər xiyabanını ziyarətə gələn Vətən müharibəsi qazisi Elmir Əhmədov deyib.
Qarabağ qazisi, həmçinin deyib: "Ötən il 44 gün davam edən Vətən müharibəsi şanlı ordumuzun möhtəşəm Qələbəsi ilə başa çatdı. Ali Baş Komandanın əmri ilə irəli atıldıq və qanımız, canımız bahasına torpaqlarımızı azad etdik. Ordumuzun gücü, əsgərlərin, zabitlərin rəşadəti, qorxmazlığı düşmənimizi lərzəyə saldı. Zəfərimiz bütün dünyaya əks-səda verdi. Ən əsası isə haqq davamızdan qalibiyyətlə çıxmağımız bütün şəhidlərimizin narahat ruhlarına rahatlıq bəxş etdi. Mən də Vətən müharibəsi iştirakçısı olmağımla fəxr edirəm. Şuşa uğrunda gedən döyüşlərdə yaralanmışam. Lakin nə yaralanmaq, nə də şəhid olmaq mənim, silahdaşlarımın, bu torpağın övladlarının gözünü qorxutmur. Hər zaman Vətənimizin keşiyində durmağa hazırıq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məzarlarında rahat uyusunlar, çünki həm qisasları alındı, həm də Qarabağımız azad olundu...".