REGİONLAR
Qəbələ: 20 yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb
Qəbələ, 7 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, əhalinin kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Qəbələ rayonunda da mütəşəkkil qaydada davam edir. Fevralın 12-də başlanan aksiya çərçivəsində bu günədək 30 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçib. Rayonun 20 yaşayış məntəqəsində, həmçinin 86 idarə, müəssisə və təşkilatda tibbi müayinələr başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 74 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulur. Müayinələr əvvəlcədən tərtib olunmuş cədvəl əsasında həyata keçirilir. İndiyədək müayinə olunanların 1733 nəfəri ambulator, 207 nəfər isə stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 96 nəfər daha geniş müayinə və müalicə üçün paytaxtın tibb müəssisələrinə göndərilib, 67 xəstə üzərində isə cərrahiyyə əməliyyatı aparılıb.
Müayinədən keçən insanlar onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.