ELM VƏ TƏHSİL
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib. Tədbirdə Qəbələ və ətraf rayonların ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər, valideynlər, uğurlu məzunlar, işəgötürən müəssisələr iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, mərkəzdə əsasən turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir və əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.
Peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri haqqında danışılıb. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları müxtəlif peşə sahələri üzrə öz məsləhət və tövsiyələrini verib və uğur hekayələrini bölüşüblər.
“Açıq qapı” günündə tələbələrin əl işləri də sərgilənib.
Mühəndis-pedaqoji heyət tərəfindən keçirilən ustad dərslərində qonaqlar aşpaz, qənnadıçı-şirniyyatçı, dülgər, qaynaqçı, tikişçi, xalçaçı və digər ixtisaslar haqqında məlumat alıblar. Emalatxanalar, dəzgahlar, sinif otaqları ilə tanış olublar.
İşəgötürən təşkilatların nümayəndələri çıxışlarında peşə təhsilinə marağın ildən-ilə artdığını vurğulayıblar. Qeyd edilib ki, ictimaiyyətin peşə təhsili haqda məlumatlandırılmasında belə tədbirlərin keçirilməsi olduqca vacibdir.