CƏMİYYƏT
Qəbələ rayonunda meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə meyvə bağlarında fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən monitorinqlər nəticəsində Qəbələ rayonunda meyvə bağlarında karantin tətbiq edilən Kaliforniya çanaqlı yastıcası, karantin tətbiq edilməyən alma meyvəyeyəni, qanlı mənənə, armud ballıcası, meyvə milçəyi, armud şəbəkəli taxta biti və almanın alternariozu aşkarlanıb.
Aşkar edilən zərərli orqanizmlər haqqında təsərrüfat sahiblərinə geniş məlumat verilib, onlara qarşı müvafiq bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri tövsiyələr verilib.
Monitorinqlər zamanı, həmçinin ixrac potensiallı müəssisələrə ixrac zamanı sahibkarın vəzifə və öhdəlikləri, fitosanitar ixrac prosesləri və xarici ölkələrin idxal fitosanitar tələbləri haqqında bağ sahiblərinə maarifləndirici məlumatlar verilib. Müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.