REGİONLAR
Qəbələdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Qəbələ, 25 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Qəbələ rayonunun igid oğulları Coşqun Bayramov və Xeyirbəy Səfərçinovun şəhadətə yüksəlmələrinin birinci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən qəhrəman oğulların şəhidlik zirvəsinə yüksəlmələrinin bir illiyi ilə əlaqədar icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin təhsil aldıqları məktəblərin kollektivləri və ictimaiyyətin nümayəndələri onların məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Sonra rayon rəhbərliyi şəhidlərin ailələrini evlərində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olub. Görüşdə Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.