REGİONLAR
Qəbələdə doqquz ayda 6538 baş inək və düyə süni yolla mayalandırılıb
Qəbələ, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Heyvandarlıq Qəbələ rayonunun kənd təsərrüfatında aparıcı sahələrdəndir. Son illər heyvandarlar süni mayalandırma yolu ilə inəklərin cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. Belə ki, cari ilin 9 ayında rayonun şəxsi və fermer təsərrüfatlarında 6538 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 710 baş çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, həmin müddətdə təsərrüfatlarda süni mayalanma yolu ilə 3303 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Buzovların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 157 baş artıb.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərir. Belə ki, 9 ayda rayonda 31 min 490 ton süd istehsal olunub. Süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 69,1 ton artıb. Bu müddət ərzində təsərrüfatlarda diri çəkidə 3452 ton ət, 17,2 milyon ədəd yumurta, 413,2 ton yun istehsal olunub.