REGİONLAR
Qəbələdə insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər müzakirə olunub
Qəbələ, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir insan hüquqları aylığı çərçivəsində iyunun 18-də Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri və insan hüquqları” mövzusunda dəyirmi masada səsləndirilib.
Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonda fəaliyyət göstərən 40-dək idarə və müəssisənin əməkdaşları, gənclər iştirak ediblər.
Dəyirmi masada idarənin rəisi Fəxri Soltanov və Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev çıxış edərək tədbirin məqsədi və insan hüquqları aylığı çərçivəsində respublikamızda həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədlərinin əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Yeni Dayanıqlı İnkişaf Məqsədlərinin özünəməxsusluğu onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələrin mühafizəsini təmin etmək şərti ilə tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləyir.
Tədbirdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirləri çıxış edərək beynəlxalq təşkilatın 2015-ci ilin sentyabrında keçirilən sammitində dünya liderləri tərəfindən qəbul edilmiş Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyində əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin rəsmi şəkildə 2016-cı il 1 yanvar tarixində qüvvəyə mindiyini diqqətə çatdırıblar. Bildirilib ki, hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda qarşıdakı illər ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliyə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklər.
Dəyirmi masanın sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.