REGİONLAR
Qəbələdə koronavirus əleyhinə tədbirlər davam etdirilir
Qəbələ, 4 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qəbələ rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qəbələ şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 4-də Qəbələ şəhərində növbəti dəfə dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərdəki çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları və əraziləri dezinfeksiya olunub. Eyni zamanda, əhali arasında təbliğat xarakterli söhbətlər aparılıb, onlara tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması, sanitar-gigiyena qaydalarına riayət edilməsi tövsiyə edilib.