REGİONLAR
Qəbələdə şəhid İmaməddin Yusifovun xatirəsi anılıb
Qəbələ, 20 iyul, Mustafa Dadaşov, AZƏRTAC
İyulun 20-si Vətən müharibəsi şəhidi, Qəbələ rayonunun Mıxlıqovaq kəndindən olan İmaməddin Yusifovun doğum günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ rayon şöbəsinin, rayon təhsil şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri İmaməddin Yusifovun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, 19 yaşında əbədiyyətə qovuşan İmaməddinin keçdiyi döyüş yolundan, qəhrəmanlığından söz açılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin valideynləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.