REGİONLAR
Qəbələdə xüsusi karantin rejimi ilə bağlı reydlər davam edir
Qəbələ, 17 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Qəbələ rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.
Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq keçirilən reydlər zamanı Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin vacibliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir. Eyni zamanda, karantin rejimi qaydalarını pozan vətəndaşlar və obyekt sahibləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülür.
Davamlı olaraq həyata keçirilən nəzarət tədbirlərinin məqsədi koronavirus infeksiyasının fəsadları barədə əhalini maarifləndirmək, təhlükəli virusun yayılmasının qarşısını almaqdır.