REGİONLAR
Qəbələli idmançılar 2022-ci ilə uğurla başlayıblar
Qəbələ, 17 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələli idmançılar 2022-ci ilə uğurla başlayaraq, idmanın müxtəlif növləri üzrə keçirilən ilk respublika birinciliklərində yüksək nəticələr əldə ediblər.
Qəbələ Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Qəbələ” İdman Klubunun yetirməsi Tamerlan Cabbarov cüdo idman növü üzrə 13-16 yanvarda Bakı şəhərində keçirilmiş yeniyetmələr arasında Azərbaycan birinciliyində qızıl medal qazanaraq çempion olub. Bundan əlavə, qəbələli idmançılar Qismət Məmmədzadə, İbrahim İsayev və Murad Bəşirov sambo idman növü üzrə 14-16 yanvarda keçirilmiş yeniyetmələr, gənclər və kişilər arasında ölkə birinciliyi və çempionatında fəxri kürsünün 3-cü pilləsinə qalxaraq bürünc medal əldə ediblər.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov bildirib ki, bu il idarənin qarşısında duran əsas məqsəd və vəzifə respublika tədbirlərində daha fəal iştirak etmək və rayona nailiyyətlərlə qayıtmaqdır. “Sevindirici haldır ki, artıq idmançılarımızın xoş sədalarını eşidirik”,- deyə idarə rəisi vurğulayıb.