REGİONLAR
Qəbələli melioratorlar Nohur gölünün ərazisində 300-dən çox meyvə ağacı əkiblər
Qəbələ, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin kollektivi tərəfindən təşkil edilən ağacəkmə aksiyası zamanı Nohur gölü ərazisində 300-dən çox gilas, alça və digər növ meyvə ağacları əkilib. Aksiyada idarənin 100-dən çox işçisi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idarə tərəfindən davamlı olaraq keçirilən ağacəkmə aksiyaları su hövzələrində ekoloji durumun daha da yaxşılaşdırılması, ətraf mühitin qorunması, ekoloji balansın bərpası, yaşıllıqların artırılması və ağac əkininin təşviqi məqsədi daşıyır. Yeni yaşıllıqların salınması atmosferin oksigenlə zənginləşdirilməsinə öz töhfəsini verəcək.
Aksiya zamanı ərazi kollardan təmizlənib, gölün mühafizə zolağındakı qurumuş ağaclar və tullantılar götürülüb.