ELM VƏ TƏHSİL
Qəbul imtahanlarında IV ixtisas qrupu üzrə 511 nəfər 600-dən yuxarı bal toplayıb
Bakı, 15 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında IV ixtisas qrupu üzrə 511 nəfər 600-dən yuxarı bal toplayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bunlardan 477 nəfər Azərbaycan bölməsi, 34 nəfər isə rus bölməsinə aiddir.
Qeyd edək ki, IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması cədvəlləri ilə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada tanış olmaq mümkündür.
Xatırladaq ki, avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək.