ELM VƏ TƏHSİL
Qəhrəmanlar unudulmurlar
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Qarabağ döyüşlərinin iştirakçısı, şəhid Elçin Baxşəliyevə həsr olunmuş “Qəhrəmanlar unudulmurlar” mövzusunda tədbir keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinin əziz tutulmasının və qəhrəmanlarımızın gənc nəsillərin də tanımalarının vacibliyini vurğulayıb.
Daha sonra Milli Qəhrəmanın şücaətlərindən və şərəfli döyüş yolundan danışılıb.
Qeyd olunub ki, E.Baxşəliyev 1965-ci il dekabrın 29-da Ağdamın Boyəhmədli kəndində anadan olub və 1982-ci ildə orta məktəbi bitirib. Həmin ildə hərbi xidmətə çağırılıb və Rusiyanın Çita şəhərində raket qoşunları alayında xidmət edib. Xidmətdən qayıtdıqdan sonra Qarabağ hadisələrinin kəskinləşdiyi vaxtda Boyəhmədli kəndində könüllü özünümüdafiə batalyonu yaradılıb. Həmin batalyonun üzvü olan E.Baxşəliyev 1992-ci il sentyabrın 11-də Papravənd kəndi ətrafında gedən döyüşlərdə sağ əlindən yaralanıb. Lakin buna baxmayaraq E.Baxşəliyev yenidən döyüş bölgəsinə qayıdıb və doğma kəndinin müdafiəsində dayanıb. Son döyüş 1993-cü il iyulun 20-də Boyəhmədli kəndində olub. Doğma kəndini tərk etməyi qeyrətinə sığışdırmayan E.Baxşəliyev düşmənlərlə son nəfəsinə kimi vuruşub və qəhrəmanlıqla həlak olub.
Şəhid E.Baxşəliyevin ailəsi tərəfindən ona aid olan materiallar - rəsm əsərləri, hərbi xidmətdə çəkilmiş fotoşəkilləri muzeyə təqdim olunub.